Çöldəki uşaqlar xoşbəxt uşaqlardır.
Khagani Mammadov
Bir gənc skautdan "nə üçün skaut olmalıyıq?" sualını versəniz -"əyləncəli və macəralı olduğunu, yeni bacarıqlar öyrədiklərini, yeni dostlar qazandıqlarını, daimi düşərgələrdə olduqlarını" sadə sözlərlə ifadə edəcək.
Bu sualı bir skaut valideyinindən soruşsanız cavab olduqca mürəkkəb olacaq.
Meşədə WIFI yoxdur, lakin uşaqlar orda daha yaxşı əlaqə qururlar.
Ailələrimizdə heç vaxt ağaca dırmaşmayan uşaqlar yetişir – əlbətdə bu valideyin olaraq öz əlimizdədir və bunu həll edə bilərik!
Skautinq komanda işi, liderlik, planlaşdırma, daima hazır olmanın dəyərini öyrədir və uşaqlar bundan həzz alaraq öyrənirlər. Birlikdə yaşanılan sərgüzəştlər və çətinliklər yaş qrupları və cinslər arasında möhkəm dostluqlar qurur.
Onlar yemək bişirmək (öz qablarını yumaqla), ilk yardım, səmti müəyyənetmə, komandaya rəhbərlik (kiçik patrullarla), fəaliyyətin planlaşdırılması, konstruksiyaların tikintisi (pionerinq), çadır qurmaq, gəzinti (hiking) və s. kimi faydalı bacarıqları öyrənirlər.
Skautlar valideynlərindan uzaqda (skaut liderlərin dəstəyi ilə) gün, həftə və daha uzun müddətli sərgüzəştlər yaşayır və bu müstəqil, özünə güvənən gənclərin yetişməsinə şərait yaradır.
Heç bir skautdan öhdəsindən gələ bildiklərindən daha çox iş tələb olunmur, lakin zaman keçdikcə onlar öz bacarıq və imkanlarını inkişaf etdirirərək daha çox fayda verməyə çalışırlar.
Bu gün bir gecəlik isti yatağını çadırda - yataq tulumuna dəyişməyə cəsarət edən Mauqli Skaut, daha sonra xaricdə bir həftə könüllü işləyən Səyyah Skauta (Rover Scout) çevrilir.
Skautinq səriştə təhsil modelində kök salmış qeyri-formal təhsil təcrübəsidir. Bu nə deməkdir?
Formal təhsil yüksək strukturlaşdırılmış və hamımıza tanış olan ibtidai, orta və ali təhsil sistemində verilir. Qeyri-formal təhsil əyləncə, macəra, özünü kəşf, qarşılıqlı əlaqə və təcrübə vasitəsilə öyrənməkdir.
Skaut hərəkatının məqsədi gənclərin fiziki, intellektual, xarakter, emosional, sosial və mənəvi inkişafını təşviq etməklə onların öz potensiallarını tam şəkildə üzə çıxarmaq, məsuliyyətli və kamil vətəndaş kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.
Bəs biz məqsədlərimizə necə çatırıq?
Bir-biri ilə əlaqəli 8 komponentdən ibarət Skaut Metodu haqqında isə növbəti yazıda...
Khagani Mammadov © 2021